CƏMİYYƏT
“İrəli” ilə “Marş İrəli”...
Bakı, 5 iyul, AZƏRTAC
“İrəli” İctimai Birliyi Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhunda yetişməsi və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi ilə əlaqədar “Marş İrəli” layihəsini həyata keçirir.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Ağdam rayonunda keçirilən layihənin üçüncü günündə komanda birliyini gənclərə aşılamaq məqsədi ilə komanda yarışı sessiyası, eləcə də təlimçi Anar Məmmədovun təqdimatında “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb. Günün sonunda hərbi mövzuya dair suallardan ibarət “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil edilib.
Layihənin dördüncü günündə Aprel döyüşlərində iştirak edən Hikmət Məmmədov və ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovla maraqlı görüş olub. Əsgərlərimizin qazandığı böyük uğur - Aprel döyüşləri mövzusunda müzakirələr keçiriblər.
Gənclər, həmçinin paintboll yarışında mübarizə aparıb, hərbi vətənpərvərlik mövzusunda teatr səhnəciklər nümayiş etdiriblər.
Layihənin beşinci günündə komanda yarışı sessiyasında gənclər fərqli yarışlarda iştirak edib, əlbəyaxa döyüş taktikası ilə tanış olublar. Onlar arasında “axtar-tap” intellektual oyunu keçirilib. Günün proqramı sərbəst atıcılıqla davam edib, sonra hərbi intellektual yarış olub.
Layihə çərçivəsində “Qarabağ həqiqətləri”, “Azərbaycan Silahlı Qüvvələrinə xidmət edirəm”, “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh”, “Aprel döyüşləri” mövzularında ictimai müzakirələr keçirilib.
Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, onları hərbi xidmətə həvəsləndirmə, milli maraqlarımızın qorunmasında gənclərin fəal iştirakı, sağlam düşüncəli gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla gənclər siyasətinə töhfə verilməsidir.
“Marş İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.