Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 21 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonunun Xoruzlu kəndində fəaliyyət göstərən pendir istehsalı sexində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Sexin qida təhlükəsizliyi qeydiyyatının olmadığı, emala qəbul edilən südün baytarlıq ekspertizasından keçirilmədiyi və müayinələrinin aparılmadığı, südün qəbulu zamanı heç bir süzücü-təmizləyici qurğudan keçmədən bişmə çəninə töküldüyü məlum olub. Eyni zamanda emal sahəsinin normativlərə cavab vermədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.