İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq
Bakı, 21 may, AZƏRTAC
Tatarıstanda keçirilən “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunda İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Tatarıstanın “Ximqrad Texnopolis”i arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, sazişə əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.
Forum çərçivəsində agentlik “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində azad iqtisadi zona və sənaye parkları - beynəlxalq sənaye korporasiyası üçün yeni imkanlar” mövzusunda keçirilən panel sessiyada təmsil olunub. Sessiyada İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılan biznes imkanları barədə təqdimatla çıxış edib.
Bundan başqa, səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki “Kip Master” ASC-nin, Kazan şəhərindəki “Ximqrad Texnopolis”in, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.