İQTİSADİYYAT


İşğaldan azad edilən rayonlarımızda elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işi yekunlaşıb

Bakı, 21 oktyabr, AZƏRTAC

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad olunan və ediləcək rayonlarımızda yeni 110 kilovoltluq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksəkgərginlikli 110 kilovoltluq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.

ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kilovoltluq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulub.

Paralel olaraq “Azərişıq” ASC də 35 kilovoltluq yarımstansiyaların tikilməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə yuxarıda göstərilən 4 rayondan başqa, işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.

Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.