ELM VƏ TƏHSİL
İsrailin cənubunda dünyanın ən güclü teleskopu quraşdırılacaq
Bakı, 4 aprel, AZƏRTAC
Veytsman adına Elmi-Tədqiqat İnstitutu Neqevada yeni rəsədxana inşa edir.
Yeni rəsədxana hər biri olduqca geniş baxış sahəsinə malik 28 santimetrlik güzgü ilə təchiz edilmiş 48 teleskopdan ibarət olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jewish Press” yazır.
Yeni massiv 1,9 metr diametrli teleskopa bərabər olacaq və dünyada kosmik fəzanın skan edilməsi sahəsində ən yaxşı - Yer kürəsində olan istənilən digər teleskopla müqayisədə üç dəfə daha yaxşı imkanlara malik olacaq.
Bir neçə ay bundan əvvəl quraşdırmanın ilkin mərhələlərində bir çox teleskop НАСА DART gəmisinin Dimorfos asteroidi ilə toqquşmasını artıq müşahidə edirdi.
Layihəyə Veytsman adına Elmi-Tədqiqat İnstitutunun Elementar hissəciklər fizikası və astrofizika şöbəsindən professor Eran Ofek və doktor Saqi Ben-Ami rəhbərlik edirlər.
Veytsman adına Elmi-Tədqiqat İnstitutu (Weizmann Institute of Science) İsraildə Təl-Əvivin yaxınlığındakı Rexovot şəhərində yerləşir. İnstitut 1934-cü ildə tanınmış kimyaçı Haim Veytsman tərəfindən təsis edilib. 1949-cu ildə Haim Veytsman İsrail dövlətinin ilk prezidenti olub, növbəti il institutun adı onun şərəfinə dəyişdirilib.