SİYASƏT
“Jewish Journal”: Ümumi sülh və BMT-nin Sivilizasiyalar Alyansının VII Forumu haqqında düşüncələr
Vaşinqton, 14 may, AZƏRTAC
ABŞ-da çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Melih Yevdayevin “Ümumi sülh və BMT-nin Sivilizasiyalararası Alyansının VII Forumu haqqında düşüncələr” sərlövhəli məqaləsi dərc olunub. M.Yevdayev bu il aprelin sonunda Bakıda 140 ölkədən 3 mindən çox nümayəndənin iştirakı ilə keçirilən forumun nəticələrini şərh edərək, Azərbaycanda multikulturalizmin əhəmiyyətindən yazır. M.Yevdayev yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev forum iştirakçılarının qarşısında çıxışında Azərbaycanın Şərqlə Qərb arasında təkcə coğrafi körpü deyil, həm də mədəniyyətləri birləşdirən körpü olduğunu qeyd edib. Sülhün təşəkkülündə və onun uğrunda mübarizədə dini liderlərin, qadınların, gənclərin, habelə mədəniyyət və təhsilin rolunun müzakirə olunduğu forumda təhlükəsizlik sahəsində ekspertlər, politoloqlar, dövlət başçıları, diplomatlar, təşkilat rəhbərləri, fəallar, tələbələr iştirak ediblər. M.Yevdayev Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən təcavüzün bərpa olunmasından da yazır.
Sonda müəllif qeyd edir ki, forumda iştirak edən nüfuzlu ictimai xadimlər və ictimai təşkilatların fəalları ümumi dəyərlərin və işıqlı gələcəyə ümidlərin düşmənçilik və terrorizmdən nə dərəcədə güclü olduğunu nümayiş etdiriblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton