CƏMİYYƏT
Masallıda ölkəmizdəki dövlət-din münasibətlərinə həsr olunmuş seminar-müşavirəyə yekun vurulub
Bakı, 11 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC DQİDK-nın mətbuat xidmətinə istinadla bildirir ki, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayondakı mövcud dini durum, dini icmaların və din xadimlərinin fəaliyyəti barədə məlumat verib. İcra başçısı dini radikalizm və ekstremizmə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət-din siyasəti nəticəsində respublikamızda sözügedən sahədə vəziyyət sabitdir. Bildirib ki, Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. “Ölkəmizdə dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulub, dindarlara, dini icmalara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Müxtəlif dinlərə aid məbədlərə diqqət və qayğı, o cümlədən dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda dövlət-din münasibətlərinin əsasını təşkil edir. Dövlətimizin başçısı din xadimləri ilə mütəmadi görüşür, dini konfessiyalara maddi yardımlar edir və dövlət tərəfindən dini ibadət yerləri təmir-bərpa olunaraq insanların istifadəsinə verilir”, - deyə sədr müavini əlavə edib.
Bəzi radikal qrupların ölkədə süni gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdlərindən təəssüfləndiyini bildirən S.Salahlı qeyd edib ki, belə cəhdlərin qarşısı qanunvericilik çərçivəsində həmişə qətiyyətlə alınıb və bundan sonra da alınacaqdır.
Digər çıxış edənlər ölkəmizdə dini radikalizmə qarşı mübarizə tədbirlərinin əhəmiyyətindən danışıblar.
İki gün davam edən seminarda DQİDK-nın sifarişi ilə çəkilən “Üfüqdəki gələcək” filminin nümayişi olub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.