QAN YADDAŞI
O gecənin dəhşətləri heç vaxt unudulmayacaq…



Bakı, 26 fevral, AZƏRTAC
“Bu hadisə 26 il əvvəl baş versə də, yaddaşlardan silinmir və heç zaman da silinməyəcək. Qar üzərinə səpilmiş qan izlərini, yolboyu qətlə yetirilmiş günahsız körpə, ana və uşaq meyitlərini necə unutmaq olar? Erməni vəhşiliyinin bariz nümunəsi olan Xocalı qətliamı Xatın, Lidisa, Oradur soyqırımı, Osvensim və Buhenvald kimi dəhşətli insan qırğınları ilə bir sırada durur. Ona görə də üstündən neçə illər, əsrlər keçsə də, bu faciəni unutmağa heç kimin haqqı yoxdur”, - deyə Mərkəzi Kliniki Xəstəxananın baş direktoru İxtiyar Sultanov xalqımızın tarixinin ən acı və unudulmaz qara səhifələrindən olan Xocalı soyqırımına 26-cı ildönümünə həsr olunmuş anım mərasimində deyib.
Onun dediyinə görə, tarixdə erməni vəhşiliyinin dəhşətli təzahürü kimi xatırlanmalı, bəşəri cinayət kimi dünyaya tanıdılmalıdır.
AZƏRTAC xəbər verir ki, anım tədbiri Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Klinik Xəstəxananın baş həkimin müavini, ümumi cərrah Zaur Xəlilov isə çıxışında 26 fevral gecəsində baş verənləri bədnam qonşuların xalqımıza qarşı apardığı şovinist siyasətin davamı kimi dəyərləndirib. O, qanlı fevral gecənin qurban və itkilərini bir daha xatırladaraq insanlığa sığmayan dəhşətli qırğın törədənlərin gec-tez ədalət məhkəməsi önündə cavab verməli olduğunu söyləyib.
Anım tədbirində belə bir ümumi fikir ifadə olunub ki, heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır..
Sonra faciə gecəsini əks etdirəm sənədli film nümayiş olunub.