QAN YADDAŞI
Ombudsman Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər təşkil edəcək
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımı ilə bağlı Bakıda və regionlarda təşkil edəcəyi silsilə tədbirlərə dair toplantı keçirib.
Ombudsman Ofisindən AZƏRTAC-a bildirilib ki, E.Süleymanova XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında danışıb. Ombudsman Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını, zəbt edilmiş torpaqlarımızdan erməni işğalçı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, xalqımıza qarşı soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.
E.Süleymanova bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı kimi tanıdılmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərar və qətnamələr qəbul edilib.
Diqqətə çatdırılıb ki, Ombudsman təsisatının tədbirlər planına əsasən, Müvəkkil tərəfindən də qarşıdakı bir ay müddətində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı paytaxtda və rayonlarda silsilə tədbirlər təşkil ediləcək.
Sonda Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanatı səsləndirilib.