İQTİSADİYYAT
Ötən il Azərbaycan 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edib
Bakı, 16 mart, AZƏRTAC
Ötən il Azərbaycanda 27 milyard 856 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. İstehsal olunan elektrik enerjisinin 23 milyard 687 milyon kilovat/saatı istehlak, 1 milyard 677,1 milyon kilovat/saatı isə ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
Elektrik enerjisinin 94,2 faizi istilik elektrik stansiyalarında, 4,6 faizi su elektrik stansiyalarında, 1,2 faizi isə bərpa olunan enerji mənbələri hesabına istehsal edilib.
Bərpa olunan enerji mənbələri (külək, günəş, biokütlə və sair) hesabına istehsal edilən 339,9 milyon kilovat/saat elektrik enerjisinin 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb.