MƏDƏNİYYƏT
Professor Nəsir İmanquliyev yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini öyrətmişdir
Bakı, 23 dekabr (AZƏRTAC). Dekabrın 23-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın ictimai-siyasi xadimi və publisisti, Əməkdar Jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Səfər Məmmədov Nəsir İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi-pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı böyük xidmətlərindən söhbət açmışdır.
Bildirilmişdir ki, Nəsir İmanquliyevin 30 il rəhbərlik etdiyi “Bakı” və “Baku” axşam qəzetləri o dövrün digər mətbu nəşrləri üçün örnək olmuşdur.
Tədbirin əhəmiyyətini qeyd edən S.Məmmədov demişdir ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. O vurğulamışdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
BSU-nun dosenti Etibar Babayev demişdir ki, Nəsir İmanquliyevin həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir. Nəsir müəllim yüzlərlə gənc jurnalistə bu peşənin sirlərini öyrətmişdir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamışdır.
Nəsir İmanquliyevin uzun müddət rəhbərlik etdiyi “Bakı” və “Baku” axşam qəzetləri nəinki Azərbaycanda, eləcə də keçmiş sovetlər birliyində daim diqqət mərkəzində olmuşdur.
Etibar Babayev Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşmüş və onun yüksək insani keyfiyyətlərindən danışmışdır.
Tədbirdə digər çıxış edənlər də böyük alim və jurnalist Nəsir İmanquliyevin zəngin yaradıcılığından söz açmışlar.