REGİONLAR
Qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlər gücləndirilib
Xaçmaz, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Payız-qış mövsümü ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlər gücləndirilib. Bu məqsədlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qrip virusunun müalicəsi üçün xüsusi otaq yaradılıb. Noyabrın 15-dən etibarən fəaliyyət göstərən palatada xəstələrin stasionar müalicəsi üçün hər bir şərait var.
Tibb müəssisəsindən AZƏRTAC-a bildirilib ki, bu mövsüm ərzində 60 nəfər qrip virusuna yoluxma təhlükəsi ilə xəstəxanaya müraciət edib. Onlara müvafiq tibbi yardım göstərilərək, xəstəliyin inkişafının qarşısı alınıb.
Yoluxucu xəstəliklər şöbəsinin müdiri Nazir Adilov deyib ki, qış fəslində qrip, angina, göy öskürək, sətəlcəm kimi infeksion xəstəliklərə yoluxma ehtimalı artır. Bunun başlıca səbəbi soyuq havada insanların daha çox qapalı məkanlara toplanmasıdır ki, belə mühitlərdə xəstəliyin törədicisi olan bakteriyalar qısa müddətdə inkişaf edə bilir. Yaşlıların, uşaqların, hamilə qadınların və immuniteti aşağı olan insanların bu xəstəliyə yoluxma riski daha çoxdur.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin göstərişi ilə hər il tibb ocaqlarında qrip virusu əleyhinə xüsusi palatalar yaradılır, ali və orta təhsil ocaqlarında müşahidələr təşkil olunur.