REGİONLAR
Qusarda itkin düşən danışma və eşitmə qabiliyyəti olmayan rayon sakini tapılıb
Qusar, 12 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusarda itkin düşən rayonun Əcəxur kənd sakini, 55 yaşlı Atakişiyeva Solmaz Əzim qızı tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, S.Atakişiyeva fevralın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Danışma və eşitmə qabiliyyəti olmayan yaşlı qadının evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal rayon ərazisində axtarışlara başlanılıb.
Axtarış tədbirləri nəticəsində Solmaz Atakişiyeva polis əməkdaşları tərəfindən fevralın 12-si günorta saatlarında rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Qadının övladları analarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.