REGİONLAR


Sabirabadda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

Artıq “Axısxalılar Toxum İstehsal Kooperativi” və “Birlik” İstehsal Kooperativinin üzvləri öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edirlər

Sabirabad, 4 aprel, Mahir Babayev, AZƏRTAC

Sabirabad rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin olaraq “Axısxalılar Toxum İstehsal Kooperativi”nin və “Birlik” İstehsal Kooperativinin üzvləri öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS sisteminə daxil ediblər.

“Axısxalılar Toxum İstehsal Kooperativi” Axısxa kənd sakinlərinin öz pay torpaqlarını birləşdirməsi nəticəsində yaradılıb. Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir. Yeni birlik “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında təsis olunub. 231 ailədən 746 nəfərin təmsil olunduğu kooperativin sərəncamında 730 hektar torpaq sahəsi var.

“Birlik” İstehsal Kooperativi isə Beşdəli və Yaxadəllək kəndlərində fəaliyyət göstərir. Kooperativin sərəncamında 850 hektar torpaq sahəsi var. Kooperativdə 133 ailə birləşib. Ümumilikdə, 680 nəfər üzvü olan kooperativdə orta hesabla adambaşına 1,25 hektar torpaq düşür.

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Axısxa, Beşdəli və Yaxadəllək kəndlərində məlumatların elektron sistemə daxil edilməsi ilə əlaqədar fermerlərə informasiya məsləhət xidməti göstərməyə başlayıblar. Prosesdə iştirak edən könüllülər xüsusi təlimlərə cəlb olunublar. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub. Rayon ərazisində fəaliyyət göstərən fermerlər həftənin iş günləri Sabirabad DAİM-ə və Sabirabad “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçə biləcəklər.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Sabirabad “ASAN xidmət” Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar “ASAN xidmət” avtobusu Axısxalılar kəndində fermerlərə xidmət göstərir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə həyata keçirib: “Göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində hər iki rayonda 2 minədək fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edib. Quba və Şəkidə start verilən məlumatlandırma prosesi bu gündən başlayaraq Sabirabad rayonunda icra olunur. Əməkdaşlarımız və könüllülər fermerlərə qeydiyyat proseduru, funksiyalardan istifadə qaydalarını izah edirlər”.

Vüqar Hüseynov bildirib ki, fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra ilkin məlumat bazası formalaşmış olacaq: “Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq. Yeni sistemin tətbiqi fermerlər üçün bir çox üstünlük yaradır. Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç prinsipə əsaslanır. Bunlar fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bu prinsipləri ümumiləşdirilmiş şəkildə özündə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.