REGİONLAR
Şəkidə əmtəə nişanları və coğrafi göstəricilər anlayışı və bu sahədə qanunvericiliyə dair seminar təşkil ediləcək
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycanda patent hüququ obyektlərinin mühafizəsi sahəsinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Şəki şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu ilin oktyabrın 26-da Şəki şəhərində “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə qanunvericilik, beynəlxalq sistemlərlə əlaqə və mühafizə” mövzusunda seminar təşkil edəcək.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən açıqlama verilib.
Seminarın məqsədi rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “ Made in Azerbaijan” brendi altında təşviqi məqsədilə çoxsaylı layihələrin həyata keçirilməsi ilə bağlı yerli coğrafi göstəricilərin təbliği və qeydiyyat prosesinə cəlb edilməsi, yerli əmtəə nişanlı malların xarici bazarlarda özünə yer tutması, bununla da Azərbaycan məhsullarının dünya bazarına çıxışını sürətləndirmək və Azərbaycanın iqtisadi inkişafına töhfə verməkdir.
Seminarda SMPDK, Şəki şəhəri İcra Hakimiyyətinin rəsmiləri, Patent və Əmtəə Nişanları Mərkəzinin rəhbər işçiləri və mütəxəssisləri, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri və digərləri iştirak edəcək.
Tədbirdə əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin qorunmasının əhəmiyyəti, əmtəə nişanlarına dair iddia sənədlərinin tərtibi, verilməsi və baxılması qaydaları və bu kimi mövzular ətrafında müzakirələr aparılacaq.