REGİONLAR
Şəmkirdə 150 mindən çox sakin tibbi müayinədən yararlanacaq
Şəmkir, 21 fevral, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam edir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Elçin Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda əhalinin kütləvi tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Belə ki, sakinlər yaradılan xüsusi həkim briqadaları tərəfindən müayinə olunur, ehtiyac olduqda füloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Mayın 12-dək rayon əhalisinin 154 min 498 nəfəri tibbi müayinə olunacaq.
Fevralın 12-dən indiyədək 17 min 589 nəfər müayinədən keçib. Xəstəlik aşkar edilən 1061 nəfər ambulator, 109 nəfər stasionar müalicəyə cəlb edilib, 23 nəfər isə daha ətraflı müayinə və müalicə olunmaq üçün Bakı şəhərində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.