İDMAN
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb.
İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.
Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsdan 6:1 hesabı ilə üstün olub. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabı ilə məğlub olub. Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.
Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib.
Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə "tuşe" ilə qalib gələn M.Maqomedov dünya üçüncüsü olub.
Beləliklə, sərbəst güləş millimiz DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.