İDMAN
“Synergy Baku” Çindəki beynəlxalq yarışda daha bir uğur qazanıb
Bakı, 30 iyul, AZƏRTAC
Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının ikinci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü sona yaxınlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın fərdi ötüşmədən ibarət 12-ci mərhələsi Azərbaycanın “Synergy Baku” klubu üçün uğurlu nəticə ilə yadda qalıb.
Belə ki, komandamızın üzvü Matey Müqerli 22,6 kilometrdən ibarət marşrutu ikinci pillədə başa vurub. Məsafəni 28 dəqiqə 51 saniyəyə qət edən velosipedçimiz bununla da yarış ərzində ikinci dəfə fəxri kürsüyə qalxıb.
Buna qədər Matey Müqerli dördüncü mərhələni də ikinci pillədə tamamlamışdı. 12-ci mərhələdəki uğurlu çıxışı velosipedçimizə ümumi təsnifatda iki pillə irəliləməklə ikinci yerə qalxmağa imkan verib. Bu halda o, yarış lideri, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutidən 37 saniyə geri qalır.
“Tour of Qinghai Lake” yarışında sonuncu - 13-cü mərhələdə Matey Müqerli uğurla çıxış edərsə, o zaman ümumi təsnifatın qalibi ola bilər.