İDMAN


Taekvondo üzrə Azərbaycan yığmasının cari ildə qatılacağı növbəti beynəlxalq yarışlar müəyyənləşib

Bakı, 13 fevral, AZƏRTAC

Bu il fevralın əvvəlində böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası İstanbulda təşkil edilmiş açıq Türkiyə çempionatından yaxşı nəticə ilə qayıdıb. Həmin turnirdə yığmamız 16 taekvondoçu ilə təmsil olunub. 2020-ci ilin ilk yarışı olan açıq çempionatda milli komandamız üç qızıl və üç bürünc olmaqla altı medal qazanıb. Yarışda idmançılarımızdan Cavad Ağayev (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənməli olublar. İki idmançımız, o cümlədən Ayxan Tağızadə və Qaşım Maqomedov medal qazanmaq uğrunda döyüşdə son saniyələrdə rəqiblərinə məğlub olublar. Buna baxmayaraq hesab edirəm ki, bu birinci yarış üçün qənaətbəxş nəticədir.

Bu barədə Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov AZƏRTAC-a müsahibəsində deyib.

Gələcəkdə təşkil ediləcək beynəlxalq yarışlara hazırlıqla bağlı məlumat verən E.Amanov bildirib ki, böyüklərdən ibarət millimiz fevralın 18-22-də İsveçdə beynəlxalq turnirlərə qatılacaq. İsveçdəki yarışa 6-sı qız, 16-sı oğlan olmaqla 22 idmançı aparacağıq. Fevralın 16-da İsveçə yola düşməyi planlaşdırırıq. Orada iki yarış olacaq. Əvvəlcə fevralın 18-də Avropa regionunda keçirilən “Prezident Kuboku” turniri təşkil ediləcək. Fevralın 22-də isə açıq İsveç çempionatı keçiriləcək. Həmin yarışlar başa çatandan iki həftə sonra isə Niderlanda yola düşəcəyik. Martın 7-də orada idmançılarımızı bir daha sınayacaq və eləcə də təlim-məşq toplanışları keçirəcəyik. Niderlanddan sonra martında 14-də Belçikada daha bir turnirdə iştirak edib ölkəyə medallarla qayıtmaq istəyirik.

“Bundan başqa, mayda Xorvatiyada Avropa çempionatı təşkil ediləcək. “Tokio-2020”yə vəsiqə verən sonuncu turnir apreldə keçiriləcəyi üçün maydakı qitə birinciliyi lisenziya xarakteri daşımayacaq. Buna baxmayaraq həmin mötəbər yarışa da komandamızın güclü və hazırlıqlı idmançılarını aparacağıq”, - deyə baş məşqçi qeyd edib.

Əməkdar məşqçi diqqətə çatdırıb ki, ümumiyyətlə, yığma komandamızın üzvlərinin çoxsaylı turnirlərə qatılmasının məqsədi onların reytinqini yüksəltmək və Olimpiadada daha çox idmançı ilə iştirak etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.