ELM VƏ TƏHSİL


Təhsil naziri dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb

Bakı, 25 iyul, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

AZƏRTAC xəbər verir ki, əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirmələri, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. Eyni zamanda, təhsil şöbələri məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlamalı və oktyabrın 15-dək əlavə olunan forma üzrə məlumatı və görülən işlər barədə yazılı hesabatı Təhsil Nazirliyinə göndərməlidirlər.

Əmrdə bildirilir ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılması təmin edilməlidir.

Sənəddə bildirilir ki, məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.