REGİONLAR
Tərtər rayonunun dörd kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
Tərtər, 1 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən Tərtər rayonunun Mamırlı, Evoğlu, Təzəkənd və Poladlı kəndlərində su layihələri həyata keçirilir.
Tikintidə sahə rəisi Şəkərəli Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə üzrə hər kənddə bir ədəd subartezian quyusunun qazılması, su anbarının və ya subasqı qülləsinin, 106 ədəd bulağın tikilməsi, nasosxana və transformatorların qurulması, müxtəlif diametrli polietilen borulardan ibarət su şəbəkəsinin çəkilməsi nəzərdə tutulub. Artıq Mamırlı kəndində 150 metr dərinlikdə subartezian quyusu qazılıb, 7845 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla su xətləri çəkilib, 36 ədəd bulaq qurulub. Hazırda bir ədəd 100 kubmetr tutumu olan monolit dəmir-beton su anbarı inşa edilir. Kənddə bir ədəd nasosxana tikiləcək, elektrik təchizatı üçün transformator qurulacaq.
Poladlı kəndində ümumi uzunluğu 2500 metr olan müxtəlif diametrli polietilen borulardan ibarət şəbəkə çəkilib, 14 bulaq tikilib. Evoğlu kəndində su xətlərinin çəkilişi davam edir. İşlərin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur. İşlər başa çatdıqdan sonra Tərtər rayonunun Mamırlı, Evoğlu, Təzəkənd və Poladlı kəndlərinin əhalisi keyfiyyətli içməli su ilə təmin ediləcək.