İQTİSADİYYAT
“The Jakarta Post”: İndoneziya ilə Azərbaycan kooperativ əməkdaşlığı genişləndirəcək
Cakarta, 30 oktyabr, AZƏRTAC
İndoneziya və Azərbaycan halal məhsullar istehsalı üzrə kooperativlərin əməkdaşlığını genişləndirəcək.
AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə razılaşma İndoneziyanın Kooperativlər Assosiasiyasının sədri Sahala Panqqabean ilə Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibovun görüşündə əldə edilib.
Azərbaycanın İndoneziyadakı səfirliyində keçirilən görüşdə iki ölkə arşında işgüzar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaxın dostluq münasibətlərinə malik İndoneziya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında halal məhsullar istehsal edən kooperativlərin müxtəlif sənətlərin və turizmin inkişafı üçün mühüm rol oynaya biləcəyi qeyd edilib.
Bu məqsədlə universitetlər nəzdində tədris mərkəzlərinin yaradılmasının sahə üzrə insan resurslarının formalaşmasına müsbət təsir göstərə biləcəyi vurğulanıb.
Bildirilib ki, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birbaşa Cakarta-Bakı aviareysinin açılması da iki ölkə arasında turizmin inkişafına müsbət təsir göstərər.
İndoneziya tərəfi görüşün nəticəsi olaraq qarşılıqlı anlaşma memorandumunun layihəsinin hazırlanmasını və tezliklə müzakirə olunmasını təklif edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta