DÜNYA
Tripoli ətrafında gedən döyüşlərdə 32 nəfər həlak olub
Bakı, 8 aprel, AZƏRTAC
Tripoli yaxınlığında gedən şiddətli döyüşlər nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb, 50-yə yaxın insan isə yaralanıb. Ölənlər arasında dinc sakinlər də var.
AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Həmrəylik Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftar ölkənin əsas şəhərinə hücum əməliyyatının başladığını elan etmişdi. Bəzi məlumatlara görə, ordu hissələri paytaxtın cənub-şərq hissəsində bir neçə rayona və Tripoli Beynəlxalq aeroportuna nəzarəti ələ keçirib. Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe olan hərbi birləşmələr Tripoliyə cənubdan soxulmağa çalışan Xəlifə Haftar tərəfdarlarına müqavimət göstərir.
2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.