CƏMİYYƏT
Unudulmaz alim və cəsur döyüşçü Mikayıl Xıdırzadənin xatirəsi yad olunmuşdur
Bakı, 8 may (AZƏRTAC). “Gədəbəyin Sosial–İqtisadi İnkişafı Naminə” İctimai Birliyi görkəmli riyaziyyatçı alim, cəsur döyüşçü Mikayıl Xıdırzadənin xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin üzvləri, ziyalılar, müharibə veteranları iştirak etmişlər.
Mərasimdə çıxış edənlər azərbaycanlı alimlərin Böyük Vətən müharibəsində qələbəyə verdikləri töhfələrdən və elmdəki xidmətlərindən danışmışlar. Dünyanın faşizm təhlükəsindən qurtulmasında Azərbaycan nefti ilə bərabər, səngərlərə yollanan 600 min övladımızın yazdığı qəhrəmanlıq tarixinin önəmindən söz açmışlar.
Bildirilmişdir ki, Azərbaycan Böyük Vətən müharibəsində illərində qələbəyə böyük töhfələr vermişdir. Azərbaycanlı alimlər tarixə şanlı səhifələr yazmışlar. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində döyüşmüş azərbaycanlı alimlərindən biri də Mikayıl Xıdırzadə olmuşdur. Hər zaman ürəyi Vətən eşqi ilə döyünən kəşfiyyatçı Mikayıl Xıdırzadə şərəfli həyat və döyüş yolu keçmişdir.
Qeyd olunmuşdur ki, Mikayıl Xıdırzadə 1937-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, həmin il Bakıya qayıdaraq o vaxt ki, Azərbaycan Dövlət Universitetinin fizika -riyaziyyat fakültəsində işləmişdir. Elm fədaisi kimi ad qazanmış Mikayıl Xıdırzadə Vətənin dar günündə qələmini silahla əvəz edərək döyüşə yollanmış, orada əsl igidlik göstərərək Böyük Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrilmişdir. Alman və rus dillərini bildiyi üçün kəşfiyyat qrupunun başçısı təyin olunan cəsur döyüşçü müharibədə daim irəli atılmış, geri çəkilməmiş, mühasirəyə düşsə də, yaralansa da döyüş tapşırıqlarını vaxtında yerinə yetirmiş, şəxsi heyəti itkiyə məruz qoymamağa çalışmışdır. Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusun Vitebsk şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
II Dünya müharibəsində azərbaycanlı ziyalıların şərəfli həyat yolu keçməsindən bəhs edən natiqlər tədbirin Mikayıl Xıdırzadə kimi qəhrəmanların təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmişlər.
Tədbirdə alman faşist işğalçılarına qarşı döyüşlərdə əsl rəşadət göstərmiş vətənsevər insan, alim və igid kəşfiyyatçı Mikayıl Xıdırzadənin yaradıcılığının və döyüş yolunun öyrənilib, gənc nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.