CƏMİYYƏT
Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya bir daha nümayiş etdirib
Bakı, 27 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda 27 Sentyabr - Anım Gününə həsr edilən tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə klubun rəisi polkovnik Füzuli Musayev və klubun şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla anılıb.
Sonra İkinci Qarabağ müharibəsindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən düşmənin 30 illik işğalından azad edilmiş doğma torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu deyib.
O qeyd edib ki, Vətən müharibəsi Azərbaycanın qüdrətini dünyaya bir daha nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi və rəşadətli Ordumuzun gücü sayəsində 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatı Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb.
Azərbaycan xalqı Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarını heç vaxt unutmayacaq.