ORDU
Veteranlar Müdafiə Nazirliyinin hərbi hissəsinə səfər ediblər
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinin bir qrupu Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi veteranlar qrupu hərbi şəhərciyi gəzib, qərargah binasında və digər obyektlərdə yaradılmış yüksək xidməti şəraitlə tanış olub, hərbi aşpazlar kursunun məşğələsində iştirak edib və şəxsi heyətlə görüşərək onların problem və qayğıları ilə maraqlanıblar.
Akt zalında keçirilən görüşdə veteranlar bu hərbi hissənin timsalında müasir Azərbaycan Ordusunun son illərdəki inkişafının və qüdrətlənməsinin şahidi olduqlarından qürur hissi keçirdiklərini bildiriblər.
Laçın rayon veteranlar təşkilatının sədri, Böyük Vətən müharibəsi veteranı, 97 yaşlı Əlikişi Cümşüdov, Nəsimi rayon veteranlar təşkilatının sədri İsmayıl Fərəcov, İkinci Dünya müharibəsinin hərbi təyyarəçisi Damət Nəbiyev, idman veteranı, 16 qat dünya və Avropa çempionu olmuş Hacı Məhəmməd Müslümzadə hərbi hissədə gördüklərindən məmnun qaldıqlarını vurğulayıblar. Çıxış edənlər Azərbaycan əsgərinin müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə tam hazır olduqlarına əminliklərini diqqətə çatdırıblar.
Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, istefada olan polkovnik Adil Haqverdiyev 1994-cü ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanan və əbədiyaşar liderin komandanlığı altında uğurla nəticələnən məşhur Horadiz əməliyyatında iştirakını yada salıb. A.Haqverdiyev bu qələbənin 22 ildən sonra - 2016-cı ilin aprelində Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən təkrar olunduğunu iftixar hissi ilə qeyd edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində üç qardaşı ilə birlikdə Qarabağ uğrunda döyüşlərə könüllü yollanmış ehtiyatda olan polkovnik Bəhram Ağakişiyev deyib: “Mən əslən Qusar rayonundanam. Vətən təhlükədə olanda ölkəmizin digər bölgələrinin igid oğulları ilə yanaşı, biz qusarlılar da bir nəfər kimi ayağa qalxdıq. Qarabağ uğrunda döyüşlərdə 60-dan çox şəhid verdik. Onların arasında Milli qəhrəmanlarımız da var. Biz bu gün də Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Silahlı Qüvvələrdən tərxis olunduğum üçün bir neçə ildir hərbi hissələrdə olmurdum. Ancaq bu gün gördüklərim sözün həqiqi mənasında məni heyrətləndirdi. Kim ki, bu inkişafı, bu tərəqqini görmür, qiymətləndirmir, yazıq onların halına. Heç olmasa, Ermənistan ordusunda nələr baş verdiyini, əsgər valideynlərinin ölkəni bürüyən etiraz dalğasını, ordudakı özbaşınalıqları görsün və ordumuzun qədrini bilsinlər. Azərbaycan inkişaf yolundadır və Ordumuz gündən-günə daha da qüdrətlənir, maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksəlir. Ordumuz dövlətimizin başçısının daim diqqət mərkəzindədir və Müdafiə Nazirliyinin rəhbərliyi qarşısına qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir”.
Hərbi qulluqçulardan Ədalət Hacıyev, Əbülfət Xəlilov, Humay Akiyeva çıxış edərək qonaqları əmin ediblər ki, onlar ata və babaların qəhrəmanlıq ənənələrini bundan sonra da şərəflə davam etdirəcək, Azərbaycanın hərb tarixinə daha parlaq səhifələr yazacaqlar.
Tədbirin sonunda Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Respublika Veteranlar Təşkilatının növbəti təşəbbüsünü də yüksək qiymətləndirib, onlara minnətdarlığını bildirib.
Qonaqlara hərbi hissənin komandanlığı adından xatirə hədiyyələri təqdim edilib.