MƏDƏNİYYƏT
Xınalıq qoruğunun turizm imkanları genişləndiriləcək
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət Turizm Agentliyi Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun yerli və xarici turistlər üçün daha maraqlı və cəlbedici məkana çevrilməsini diqqətində saxlayır. Bununla bağlı agentliyin sədri Fuad Nağıyev qoruqda olarkən tarixi diyarın turizm imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb və müvafiq istiqamətdə müəyyən tapşırıqlar verib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qoruğun cari vəziyyəti, mövcud potensialı, xidmətlərinin səviyyəsi və növü müzakirə edilərək problemlərin və çatışmazlıqların qısa zaman kəsiyində həllini tapması, turist məmnunluğunun təmin edilməsi, burada fəaliyyət göstərən strukturların və cavabdeh şəxslərin öz vəzifə məsuliyyətlərini vaxtında və qüsursuz şəkildə icra etməklərinin vacibliyi vurğulanıb.
F.Nağıyev, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyevlə görüşərək, ekspedisiya qrupunun e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid zəngin dəfn inventarı olan qədim nekropolu aşkar etməsi barədə müzakirələr aparıb, kəndin tarixi-arxeoloji əhəmiyyəti bir daha qeyd olunub.
Yaxın zaman ərzində qoruqda yeni idarəetmə üsullarının tətbiqi, qoruğun unikal görünüşünün və qədimiliyinin, eləcə də tarixi-mədəni-arxeoloji xüsusiyyətlərinin qorunub saxlanılması ilə bağlı yeni infrastruktur layihələrin reallaşdırılması qərara alınıb.