MƏDƏNİYYƏT
Xocalı məktəbliləri Ağsuda olmuşlar VİDEO
Ağsu, 22 fevral (AZƏRTAC, Adil Ağayev). MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanı tanıdaq” layihəsi çərçivəsində ayrı-ayrı şəhər və rayonlarda məskunlaşan bir qrup Xocalı məktəblisi fevralın 21-22-də Ağsu rayonunda olmuşdur.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində həyata keçirilən səfər zamanı məktəblilər Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində olmuş, qazıntı sahələrini gəzmiş, tapılmış maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumatlandırılmışlar. Xocalı məktəbliləri, həmçinin tarix-diyarşünaslıq muzeyinə də getmiş, burada onlara Ağsunun qədim, orta əsr və müasir dövrü barədə ətraflı məlumat verilmişdir. “AZ-Qranata” MMC-nin şərab emalı zavodu, müəssisədəki istehsal prosesləri ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaratmışdır.
Səfərin sonuncu günü günortadan sonra Heydər Əliyev Mərkəzində Xocalı məktəblilərinin ağsulu həmyaşıdları ilə görüşü keçirilmişdir. Mərkəzlə ətraflı tanışlıqdan sonra Ağsu rayonunun tarixi ilə bağlı seminar keçirilmişdir. MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfi doktoru Fariz Xəlilli, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva məktəblilərə rayonun keçmiş, habelə müasir həyatı barədə geniş bilgilər vermişlər.
Seminar zamanı Ağsu tarixi ilə bağlı slaydlar, videoxronika nümayiş etdirilmişdir.
Fariz Xəlilli AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, bu cür görüşlər doğma yurd-yuvalarından didərgin düşən, məcburi köçkün həyatı yaşayan valideynlərinin doğulduqları torpaqların üzünü belə görməyən yeniyetmələr üçün unudulmaz təəssürat yaradır. Həm də onlar iki gündə Azərbaycanın bir bölgəsi barədə zəngin bilgilər qazanmışlar. “Azərbaycanı tanıyaq” layihəsinin məqsədi də məktəbliləri doğma vətənləri, onun tarixi, ayrı-ayrı bölgələri barədə hərtərəfli məlumatlandırmaqdır.
Layihə çərçivəsində, ümumilikdə, 20 məktəbin Ağsu, İsmayıllı və Şamaxı abidələri ilə, mədəni irsimizlə tanışlığı, Azərbaycan tarixinin maddi və qeyri-maddi, mədəni irs vasitəsilə öyrənilməsi nəzərdə tutulmuşdur ki, bu, həm də məktəblilərdə tariximizə, mədəniyyətimizə marağı artıracaq, doğma torpağa, Vətənə məhəbbət hissi aşılayacaqdır.