YAP Gənclər Birliyinin “Viki Klub” layihəsinə start verilib
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən dünyanın ən böyük elektron ensiklopediyası hesab olunan Vikipediya platformasında Azərbaycanla bağlı mövcud məlumatların təkmilləşdirilməsi, təhrif olunmuş məlumatlara düzəlişlərin edilməsi və bu istiqamətlərdə fəaliyyət göstərən peşəkar şəxslərin sayının artırılması məqsədilə təşkil olunan “Viki Klub” layihəsinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova “Qorqud” Vikipediya metodik klubunun tərəfdaşlığı ilə baş tutan layihə çərçivəsində peşəkar Vikipediya təlimçiləri tərəfindən İKT sahəsindəki bilik və bacarıqları nəzərə alınmaqla seçilmiş 30 gəncin 10 hissəli təlim prosesinə cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, təlimlərin yekununda layihə iştirakçıları tam şəkildə Vikipediya platforması üzərindən yeni məqalələrin yaradılması, düzəlişlərin edilməsi və digər bacarıqlara yiyələnmiş olacaqlar.
“Qorqud” Vikipediya metodik klubunun eksperti Sübhan Xıdırzadə deyib ki, qarşıya qoyulan hədəflər böyükdür və layihə iştirakçıları ilə böyük işlərə nail olunacaq.
Bildirilib ki, ilkin olaraq 30 gəncin iştirakı ilə formalaşdırılan klub mütəmadi olaraq ölkəmizlə bağlı yeni məqalələrin hazırlanıb yerləşdirilməsi, o cümlədən mövcud yazıların təkmilləşdirilməsi prosesini həyata keçirəcək. Klubun fəaliyyətinə dair mütəmadi olaraq hesabatlar hazırlanacaq.
Sonra təlimlərə start verilib.