MƏDƏNİYYƏT
Yazıçı Əhməde Həponun 80 illik yubileyi qeyd olunmuşdur
Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış yazıçı-publisist Əhməde Həponun 80 illik yubileyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AYB-in katibi Arif Əmrahoğlu yubilyarı təmsil etdiyi qurumun adından təbrik etmiş, onun həyat və yaradıcılığından söhbət açmışdır.
Bildirilmişdir ki, əslən Azərbaycan kürdlərindən olan, Qərbi Azərbaycanın Qəmərli rayonunun Şırran kəndində doğulmuş Əhməde Həpo Stalin dövrünün repressiyasına, erməni xəyanətinə, dövrün zülmlərinə dözmüş, özündə yaşayıb-yaratmağa güc tapmış bir el ağsaqqalıdır.
Ailəsi ilə 10 il sürgün ömrü yaşamış yazıçının həyat yolları enişli-yoxuşlu olmuşdur. Sürgündən qayıtdıqdan sonra da çətinliklər onun ailəsindən yan keçməmişdir. Erməni millətçiləri onları doğma yurd-yuvasına buraxmamış, ailə Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır.
Çətinliklə oxuyan, ali təhsil alan Ə.Həpo Bakıya gələrək dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, özünün mənsub olduğu kürd etnosunun folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir.
Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo “Ronahi” Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir. Bu illərdə, o, həm də Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev və digər yazıçılarımızın əsərlərini kürd dilinə tərcümə etmişdir.
Çıxış edənlər yazıçının biri-birindən maraqlı “Yara”, “Qanlı göz yaşları”, “Evsiz yolçu”, “Ömür çiçəkləri” kimi 10 kitab müəllifi olduğunu söyləmişlər. Bu əsərlərdə yazıçı Azərbaycan həqiqətlərini dünyaya yaymış, ermənilərin iç üzünü, məkrli siyasətini açıb göstərmişdir.
Hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində kürd dilində efirə gedən “Kürdün səsi” radio verilişinin rəhbəri və eyniadlı qəzetin baş redaktoru kimi fəaliyyət göstərən yazıçının əməyinin yüksək dövlət mükafatlarına layiq görüldüyü bildirilmişdir.
Sonda ömrünün ixtiyar yaşını yaşayan yazıçı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.