Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağdamda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 14 may, AZƏRTAC
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdam rayonunda vətəndaşlarla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ağdam, Ağcabədi və Beyləqan rayonlarından olan vətəndaşlar iştirak edib.
Vətəndaşların müraciətləri əsasən müxtəlif əkinlər, o cümlədən pambıq sahəsi üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin subsidiyalarının ödənilməsi, əkin sahələrinin sığortalanması və işlə təminat məsələləri ilə bağlı olub.
Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Görüş zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Qəbulda dövlətin aqrar sığorta mexanizmi və onun fermerlər üçün üstünlükləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Fond rəhbəri son günlər ölkədə hava şəraitinin kəskin dəyişdiyini, bölgələrdə intensiv yağışlar, dolu nəticəsində əkin sahələrinə zərər dəydiyini xatırladaraq fermerləri təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.
Vətəndaşların müraciətləri ilə maraqlandıqdan sonra Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdam rayonundakı bağçılıq təsərrüfatına gedərək buradakı şəraitlə tanış olub, fermerlərlə söhbət edib, onların fikirlərini dinləyib.