Şuşadakı müxtəlif məzmunlu abidələr dünya mədəniyyəti irsini zənginləşdirir ŞƏRH
Bakı, 14 may, AZƏRTAC
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirakı və festivalın açılış mərasimində etdiyi çıxışı İslam dünyasının Şuşaya verdiyi böyük dəyərin göstəricisidir. Baş direktor öz çıxışında Şuşanın qədim zamanlardan bu günə qədər olan dövrdə keçdiyi şərəfli yol haqqında çox dəyərli fikirlər də səsləndirdi. Şuşa şəhəri tarixən mədəniyyət mərkəzi, yaradıcı insanların yurdu olub. Şəhər düşmən tapdağından azad olunandan sonra Azərbaycanın, Türk dünyasının və indi də bütün İslam aləminin mədəniyyət paytaxtı oldu. Dünyada üç dəfə mədəniyyət paytaxtı seçilən ikinci bir şəhər yoxdur. Təbii ki, bu, Şuşanın ruhunun mədəniyyətlə birbaşa bağlı olduğunu göstərən amildir. Şuşanın hər bir daşında, qayasında musiqi notları, şeir misraları, ədəbiyyat inciləri həkk olunub. Ona görə də bu şəhər bir çox klassiklərin, mütəfəkkirlərin vətənidir. Şəhər erməni işğalında olanda mənəvi və fiziki əziyyətlər çəksə də, bu gün özünün əsil sahiblərinə qayıtdığına görə xoşbəxtdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
O deyib: “Baş direktor öz çıxışında bir çox əhəmiyyətli məqamlara toxunaraq qeyd etdi ki, Şuşa paklıq, saflıq və xoş ab-hava şəhəridir. Həm də adı saflığa və təmizliyə uyğun gələn ikinci bir şəhərin olmadığını bildirdi. Həqiqətən Şuşa havası qədər pak, şüşə kimi şəffaf, o cümlədən özündə mədəniyyəti, tarixi və sənəti həkk etmiş şəhərdir. Baş direktor şəhərin tarixindən danışaraq hətta erməni işğalı altında olduğu dövrdə də Şuşanın Azərbaycan insanının şəxsiyyətini, mədəniyyət hüdudlarını qoruyub saxladığını ifadə etdi”.
ICESCO-nun öz missiyasını işğaldan azad olunmuş torpaqlara göndərən ilk beynəlxalq təşkilat olduğunu qeyd edən Azər Badamov bildirib: “Bu təşkilat torpaqlarımızda Ermənistanın törətdiyi vandallıqların, mədəni və dini abidələrin yer üzündən silinməsi istiqamətində törətdiyi cinayətlərin şahidi olub və qeydə alıb. Bu baxımdan Salim bin Məhəmməd əl-Malikin öz çıxışında Şuşanın yenidən qurulub bərpa olunması ilə bağlı bildirdiyi fikirlər işğaldan azad olunmuş ərazilərimizə geri dönüşün ideologiyasının ruhuna verilən yüksək dəyərdir. Onun bu işdə Heydər Əliyev Fondunun xidmətlərini xüsusilə qeyd etməsi də təsadüfi deyil. Çünki Fondun dəstəyi ilə qısa zaman ərzində şəhərdə yenidən qurulan, bərpa edilən mədəniyyət abidələri, məscidlər, muzeylər Şuşaya özünün mədəniyyət ruhunun qaytarıldığının göstəricisidir”.
Deputat vurğulayıb ki, Şuşadakı müxtəlif məzmunlu abidələr dünya mədəniyyəti irsini zənginləşdirir. Şuşa bundan sonra həmişə yaradıcı insanların məmləkəti kimi çiçəklənəcək və dünyanın hər yerindən xoşniyyətli qonaqları böyük sevinclə qarşılayacaq.