Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Balakəndə vətəndaşlarla görüşüb






Bakı, 14 may, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Balakən rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
AZƏRTAC agentliyin yaydığı məlumata istinadla xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən heyvan (buzov) subsidiyası, güzəştli şərtlərlə kreditlərin verilməsi, müasir suvarma sistemlərinə və kənd təsərrüfatı texnikalarına güzəşt və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Əvvəlcə Seymur Mövlayev “Balacans Agro Food” MMC-də dövlət dəstəyi ilə qurulan meyvə və tərəvəz üçün qurutma kameraları, istehsal xəttinə baxış keçirib. Sonra Katex kəndində yerləşən sahibkar Əliyev Zeynala məxsus “Bal meyvə” müəssisəsinin fəaliyyəti, o cümlədən burada AKİA-nın dəstəyi ilə qurulan soyuducu anbar, müasir suvarma sistemləri ilə təchiz olunan meyvə bağları ilə tanış olub.
Daha sonra AKİA sədri Katex kəndində “Balkhoorma” MMC-də olub. Müəssisənin hazırkı fəaliyyəti, istehsal gücü ilə maraqlanıb. Dövlət tərəfindən göstərilən dəstək mexanizmləri barədə məlumat verib.