İQTİSADİYYAT
® “Telko məzmun doğma dildə"
“Azercell” şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib
Müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən “Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi “Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması” adlı infosessiyaya da öz dəstəyini verib. Tədbiri açan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılmasının əhəmiyyətli bir məsələ olduğunu və bununla bağlı işlərin görülməsinin zəruriliyini vurğulayıb, cəmiyyətin diqqətini intellektual mövzulara yönləndirilməsi və ümumiyyətlə intellektual dəyərlərin, kontentin təbliğatına dair bütün mediani səfərbər olmağa çağırıb.
“Azercell Telekom” MMC-nin korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya tədbirdə iştirak edərək, “Telko məzmun doğma dildə”, “KSM Telko prizmasından” təqdimatı ilə çıxış edib, telekommunikasiyaya aid keyfiyyətli məzmunun Azərbaycan dilində yaradılması və yayımı, eləcə də internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzularında məruzə edib. N.Şıxlinskaya şirkətin bu yöndə həyata keçirdiyi layihələrdən və innovativ təşəbbüslərindən söz açıb, kommunikasiya sahəsində təcrübəsini media nümayəndələri ilə bölüşüb. Həmçinin şirkət tərəfindən 2017-2018-ci illərdə “Azercell”in telekommunikasiya sahəsində həyata keçirdiyi korporativ sosial məsuliyyət və “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusuna dair layihələrindən də bəhs edib.
Tədbirdə iştirak edən digər məruzəçilər - “Barama” Media şirkətinin direktoru Aynur Kərimova və “Technote.az” layihəsinin rəhbəri Fərid Pərdəşünas texnoloji məsələlərlə bağlı informasiyanın ötürülməsində etibarlı mənbələrdən istifadə etməyin nə qədər önəmli olduğunu və bu tip xəbər yayımlarında yeni metodlardan istifadənin vacibliyini dilə gətiriblər. Həmçinin KİV vasitələrində xəbər yayımlarının yeni metodlarından, az müddətdə daha çox informasiya verməyin yollarından bəhs ediblər.
Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC media nümayəndələrinə yardımçı olmaq məqsədilə texnoloji terminlərin izahı ilə bağlı lüğət hazırlayıb. Lüğət seminar iştirakçılarına da təqdim edilib. Seminar infosessiya məruzəçiləri ilə KİV nümayəndələri arasında sual-cavabdan ibarət maraqlı müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, “Azercell” Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir. İki qurum arasında imzalanan memoranduma əsasən “YT Park” ilə “Azercell” arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlərin təşkil edilməsi, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələrin hazırlanması nəzərdə tutulub. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.