MƏDƏNİYYƏT
"Excelsior Hotel & Spa Baku" oteli ilin otel və SPA kompleksi seçilib
Bakı, 12 fevral, AZƏRTAC
"Excelsior Hotel & Spa Baku" oteli "Business Time" jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə "Azeri Business Award 2017" milli mükafatına layiq görülüb.
"AtaHolding" ASC-dən AZƏRTAC-a bildiriblər ki, mükafat otelin baş meneceri Turhan Poyraza təqdim edilib.
Turhan Poyraz bildirib ki, Azərbaycanda turizmin inkişafında "Excelsior Hotel & Spa Baku" otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və oteldə xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir. "Excelsior Hotel & Spa Baku" oteli 2017-ci ildə sosial və biznesyönümlü tədbirlərin keçirilməsində fəal olub. Otelinin təşkilatçılığı ilə 2017-ci ildə "Baku Fashion 2017" tədbiri, "Yay tədbiri", turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlar və digər tədbirlər keçirilib.
Qeyd edək ki, "Azeri Business Award" mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən "Business Time" aylıq işgüzar jurnalıdır. Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.