ABŞ-da dağıdıcı tornadolar nəticəsində 80-dən çox insan həlak olub VİDEO
Vaşinqton, 13 dekabr, AZƏRTAC
ABŞ-da dağıdıcı tornadolar silsiləsi nəticəsində 80-dən çox insan həlak olub.
AZƏRTAC xəbər verir ki, tornado Arkanzas, İllinoys, Kentukki, Missuri, Missisipi və Tennessi ştatlarını cənginə alıb. Həlak olanların və zərərçəkənlərin sayı artmaqda davam edir. Ehtimal ki, bu rəqəm 150-dən çox olacaq, çünki uçqunlar altında hələ də insanlar qalır və itkin düşənlər çoxdur. Kentukki ştatı daha çox zərər çəkib. İlkin məlumata görə, burada 80-dən çox adam həlak olub. Ştatın qubernatoru Endi Beşir bildirib ki, bu ştatda tornado qurbanlarının sayı 100 nəfər çata bilər. Əhalisi 10 min nəfər olan kiçik Meyfild şəhəri daha ciddi ziyan çəkib. Məsələn, bu şəhərdə bir zavodun damı uçub, polis bölməsinin və yanğınsöndürmə stansiyasının binaları dağılıb. Ölkə tarixində belə güclü qasırğa olmayıb.
Kentukki ştatında qasırğanın sürəti saatda 300 kilometrdə çatıb. Cəmi bir neçə saniyə ərzində tornado taxta evləri, həmçinin kərpic və beton divarları dağıdıb. Bir zavodun uçmuş binasının altından 40 nəfəri xilas ediblər, daha 50 nəfərin taleyi məlum deyil. Hadisə vaxtı orada 100-dən çox fəhlə olub.
İllinoys ştatında da təxminən eyni vəziyyət yaranıb. Burada uzunluğu futbol meydanının uzunluğuna bərabər olan anbar divarı uçaraq insanların üstünə tökülüb. Akranzasda qocalar evinin binası uçub, azı 50 nəfər uçqunların altında qalıb. Tornadodan zərər çəkmiş ştatlara əlavə xilasedicilər və milli qvardiya bölmələri göndərilib. Bu dəhşətli tornado sonuncu olmaya bilər. Yel Universitetinin meteoroloqlarının proqnozlarına görə, ABŞ qasırğaların yeni dalğasına hazırlaşmalıdır.
Kentukki və Tennessi ştatlarının 200 mindən çox sakini işıqsız qalıb. Prezident Co Bayden vəziyyəti diqqətlə izlədiyini bildirib. Ağ evin rəhbəri bu təbii hadisəni ölkə tarixində ən dəhşətli tornadolardan biri adlandırıb və qasırğalardan zərər çəkmiş ştatların sakinlərinə federal yardım ayrılacağını vəd edib.
AZƏRTAC-ın Vaşinqton bürosu