ABŞ-da nəşr olunan yəhudi qəzeti Azərbaycandakı tolerantlıq ənənələrindən yazır
Vaşinqton, 11 fevral, AZƏRTAC
ABŞ-ın Kolorado ştatında nəşr olunan nüfuzlu yəhudi qəzeti -“Intermountain Jewish News”da Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ilə müsahibə əsasında məqalə dərc edilib.
Kris Leppekin müəllifi olduğu, “Azərbaycan Denverə gəlir” başlıqlı məqalədə ölkəmizin tarixi tolerantlıq ənənələrindən bəhs edilib. Azərbaycanda müxtəlif dini etiqadlar arasında mövcud olan qarşılıqlı etimad və mehriban münasibətlərdən söz açılıb.
Rəhbərlik etdiyi diplomatik missiyaya ABŞ-ın qərb regionunda yerləşən 13 ştatın həvalə olunduğunu bildirən N.Ağayev baş konsulluğun fəaliyyətində bu ştatlarda, o cümlədən Koloradoda yaşayan dost yəhudi icması ilə münasibətlərin inkişaf etdirilməsinin önəmli yer tutduğunu vurğulayıb. Baş konsul əsrlərdən bəri Azərbaycanda məskunlaşan yəhudi icmasından bəhs edib, yəhudilərin tarixən Azərbaycanın siyasi, ictimai, mədəni həyatında oynadığı rolun önəmindən danışıb. O, bu gün Azərbaycanda müsəlmanların, yəhudilərin və xristianların sülh və təhlükəsizlik şəraitində yaşadıqlarını bildirərək, bunun hazırda bütün dünya üçün gözəl bir nümunə olduğunu bildirib. N.Ağayev Azərbaycanda heç zaman antisemitizmin və ya hər hansı dini ayrı-seçkiliyin olmadığını vurğulayıb.
Məqalədə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bu ölkənin apardığı etnik təmizləmə siyasəti faktlarla diqqətə çatdırılıb. N.Ağayevin bu barədə fikirlərinə istinad edən müəllif ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətdən söhbət açıb. O, Ermənistan tərəfindən törədilən zorakı aktlar nəticəsində on minlərlə azərbaycanlının öz həyatını, bir milyondan artıq azərbaycanlının isə doğma yurd-yuvalarını itirdiyini vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton