DÜNYA
ABŞ-dan tarixi vətəninə gedən Pakistan mənşəli amerikalı bayker Özbəkistana çatıb
Daşkənd, 6 noyabr, АZƏRTAC
Pakistan mənşəli amerikalı Faruk Tarik motosikletlə ABŞ-dan tarixi vətəninə gedərkən Sakit okeandan və beş ölkədən keçərək müvəqqəti olaraq Özbəkistanda dayanıb.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı mühəndis-elektrik Faruk Tarik bu il sentyabrın 15-də Nyu-Yorkdan yola düşüb. Oradan Yaponiyaya gəmi ilə, sonra Rusiyanın Vladivostok, Xabarovsk şəhərlərinə, Monqolustanın paytaxtı Ulan-Batora, Qazaxıstana, Qırğızıstana və Daşkəndə çatıb.
Faruk Tarik Daşkənddə jurnalistlərə deyib ki, yolun ən çətin hissəsi Qobi səhrası olub. Sutkalarla ucu-bucağı görünməyən səhra ilə yol gedirsən və adam görmürsən. O deyib ki, quru yolu ilə Daşkəndə qədər 11 500 kilometr məsafə qət edib. Bayker bildirib ki, indi Özbəkistandan Əfqanıstana viza gözləyir. Vizanı alan kimi yola çıxacaq və oradan da tarixi vətəninə - Pakistana çatacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd