SİYASƏT
ABŞ Dövlət Departamentinin mətbuat xidməti Ermənistanın ABŞ-dakı səfirinin bəyanatına aydınlıq gətirmişdir
Vaşinqton, 24 sentyabr (AZƏRTAC). “Azadlıq” radiosunun erməni redaksiyası Birləşmiş Ştatların Ermənistandakı səfiri Con Heffern ilə videomüsahibə dərc etmişdir. Videomüsahibədə diplomat Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən Vaşinqtonun Qarabağ münaqişəsindən zərər çəkənlərə maliyyə yardımı barəsində ABŞ-ın rəsmi siyasətinə zidd olan bəyanat vermişdir. Ertəsi gün ABŞ-ın Yerevandakı səfirliyi C.Heffernin müsahibədəki bəyanatına aydınlıq gətirmişdir. “Azadlıq” radiosunun saytında səfirliyin videomüraciətlə bağlı bu şərhi yerləşdirilmişdir: “Səfirliyin izahatı: ABŞ Konqresinin qərarına görə, Birləşmiş Ştatlar 1998-ci ildən içməli sudan istifadənin təmin olunması və sahələrin minalardan təmizlənməsi layihələri üzrə Dağlıq Qarabağda yaşayanlara humanitar yardım göstərmişdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağın qondarma hakimiyyət orqanlarına hər hansı yardım göstərmir”.
AZƏRTAC-ın Vaşinqtondakı xüsusi müxbiri ABŞ Dövlət Departamentinin gündəlik brifinqi zamanı ABŞ səfiri Con Heffernin yuxarıda göstərilən bəyanatının təfərrüatını açıqlamış və Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harfdan C.Heffernin müsahibə zamanı səslənmiş şərhlərinə aydınlıq gətirməsini xahiş etmişdir. Faktlarla tanış olmadığını bildirən xanım Harf məsələni araşdırıb elə həmin gün cavab verməyi vəd etmişdir.
ABŞ Dövlət Departamentinin mətbuat xidməti brifinqdən sonra faktları öyrənərək, elə həmin gün AZƏRTAC-ın sorğusuna cavab vermiş, ABŞ-ın Yerevandakı səfirliyinin rəsmi izahatını və Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini təsdiq etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton