ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistika üzrə magistr proqramı elan edib
Bakı, 5 aprel, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması barədə məlumat yayıb. Proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycandan seçiləcək beş tələbə bu proqramda iştirak edəcək. Proqram dörd semestr ərzində, 2019-2021-ci tədris ilində, Bakıda yerli universitetlərdən birində və Tbilisidə GİPA-da keçiriləcək. Birinci və dördüncü semestrlərin Bakıdakı yerli universitetdə keçiriləcəyi nəzərdə tutulub. Tələbələr 2020-ci ildə, ikinci və üçüncü semestrlərdə Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2021-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.
Həm çap, həm də teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. QJMİM-in müəllim heyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyyələşdirilən dördillik G-Media layihəsi çərçivəsində İREX-in Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub. Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.
ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olduqları zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.
Qəbul üçün ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə prosedurları olacaq.
Sənədlərin qəbulu aprelin 25-də başa çatacaq.