Abşeron rayonunda məskunlaşan kəlbəcərli şəhid ailələri ilə görüş təşkil olunub
Xırdalan, 3 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətində rayonda məskunlaşan kəlbəcərli şəhid ailələri ilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə görüşlərin keçirildiyini bildirib. Deyib ki, bu görüşlər gənclərin vətənpərvərlik ruhunda böyüməsinə, onlarda Vətənə sevgi, qələbəyə inam hissinin daha da güclənməsinə təkan verir.
Diqqətə çatdırılıb ki, Aprel döyüşləri zamanı Azərbaycan ordusu öz gücünü və döyüş əzmini düşmənə göstərib. Cəbhədə əldə edilən uğurlar xalqımızı böyük qələbələrə daha da ruhlandırır.
İradə Gülməmmədova düşməndən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasının bütün ölkə vətəndaşları kimi, abşeronlularda da yüksək əhval-ruhiyyə yaratdığını, bunun ata-baba yurdumuza böyük qayıdışın təməli olacağını, növbəti bərpa işlərinin Ağdam, Laçın, Şuşa, Kəlbəcər və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra Kəlbəcər rayonundan olan şəhid ailələri əzəli və əbədi doğma torpaqlarımızın tezliklə azad ediləcəyini, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəkləri günün uzaqda olmadığını bildirdilər.
Görüşün sonunda şəhid ailələrinə maddi yardımlar göstərilib.