ADPU tələbələri beynəlxalq robot olimpiadasında bir neçə mükafat əldə ediblər
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ölkəmizdə keçirilmiş “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nda uğurla təmsil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, olimpiadada dünyanın bir sıra aparıcı universitetlərinin professorları qonaq qismində iştirak edərək gənclərin layihələrini qiymətləndiriblər və texnologiya sahəsində yeni trendlər haqqında fikirlərini bölüşüblər. Olimpiada çərçivəsində özəl və dövlət məktəblərinin, həmçinin universitetlərin şagird və tələbələri müxtəlif robot kateqoriyaları üzrə yarışaraq öz mühəndislik və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. İyirmi bir kateqoriya üzrə keçirilən yarışlarda Azərbaycanın 37 təhsil müəssisəsindən 1000-dək şagird və tələbə iştirak edib. Olimpiadanın beynəlxalq miqyasda əhəmiyyətini artıran məqam isə Qazaxıstan və Türkiyədən olan komandaların da yarışa qatılmasıdır.
ADPU-nun Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının müəllimi Xumarə Nəsirlinin mentorluğu ilə tələbələr Günay Cəfərova, Pərvin Cəfərova, Elvin Əzizli və fakültənin məzunu Türkanə Qəhrəmanlıdan ibarət komanda 5 kateqoriya üzrə mübarizə aparıb. “FireteKh” komandası “RoboTech Entrepreneurship” kateqoriyası üzrə I yerə, “FishteKh” komandası “BlueTech Entrepreneurship” kateqoriyası üzrə I yerə , “Smart Girls” komandası “Girls Triathlon” kateqoriyası üzrə II yerə, “RoadteKh” komandası “Autonomous Car” kateqoriyası üzrə II yerə, “ScanteKh” komandası “SoftTech Entrepreneurship” kateqoriyası üzrə II yerə layiq görülüblər.
Fizika fakültəsinin nəzdində fəaliyyət göstərən STEAM Mərkəzinin müəllimləri Vəfa Abdurəhmanova, Natella Namazova və Çinarə Məmmədovanın mentorluğu ilə yarışmaya qatılan tələbələr Elton Kazımov, Ramal Məmmədəliyev, Əli Mahmudov, Esmira Abdullayeva, Aydın Mövludzadə və Riyaziyyat fakültəsinin tələbələri Gülayə Mustafazadə, Rəvanə Məmmədova, Xəyalə Əhmədova, Rəvanə Mövsümova, Fidan Əliyeva, Səkinə Novruzzadədən ibarət “RoboAz_ADPU”, “FasterX_ADPU”, “Dinoco_ADPU”, “LuneX_ADPU” və “M_Double_ADPU” komandaları müxtəlif kateqoriyalar üzrə yarışlarda uğurlu nəticə göstəriblər. Yarışın nəticələrinə əsasən, “Xətt izləyən robotlar” kateqoriyasında “FasterX_ADPU” komandası ikinci, “M_Double_ADPU” komandası üçüncü yerə layiq görülüb. “Xətt izləyən robot – mbot” kateqoriyasında “RoboAz_ADPU” komandası üçüncü yeri tutub. “Minisumo” kateqoriyasında isə “Dinoco_ADPU” və “LuneX_ADPU” komandaları münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunublar.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov olimpiadada uğurla iştirak etmiş tələbələrlə görüşüb. Rektor tələbələrin beynəlxalq yarışda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onların robot texnologiyaları və mühəndislik sahəsində əldə etdikləri nəticələrin universitet üçün əhəmiyyətli olduğunu vurğulayıb.