ADU-da bayram şənliyi – tələbələr müxtəlif dillərdə mahnılar ifa ediblər
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib. Universitetin rektoru, akademik Kamal Abdulla hər iki bayram münasibətilə kollektivi təbrik edib.
Sonra universitetin təhsil fakültəsinin tələbələri Murad Əliyev, Əsmər Seyidzadə, Fidan Əliyeva, Nərgiz Məcidli, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahverən Babayev müxtəlif dillərdə mahnılar ifa ediblər.
Tədbirdən sonra universitetin tələbələri və əməkdaşları üçün bayram süfrəsi açılıb və əyləncə təşkil olunub.