“Ağ ölüm əsrin bəlasıdır” mövzusunda silsilə maarifləndirici tədbirlər davam etdirilir
Bakı, 11 may, AZƏRTAC
İctimaiyyəti narahat edən, cəmiyyəti düşündürən məsələləri polis orqanları da daim diqqətdə saxlayır, bu sosial problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər. Ölkəmizin demək olar ki, əksər şəhər və rayonlarındakı orta məktəblərdə, gənclər kollektivlərində keçirilən görüşlərdə günün aktual mövzularına toxunulur, dinləyicilərin maariflənməsi işi diqqətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına tam orta məktəbdə keçirilib.
“Ağ ölüm əsrin bəlasıdır” mövzusunda keçirilən tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin veteranlar şurasının sədri Emin Məmmədov, qurumun Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Naib Ömərov, İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Binəqədi Rayon Polis İdarəsinin veteranlar şurasının sədri Zakir Əhmədov çıxışlarında yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, sosial bəlaya çevrilmiş narkomaniya və digər zərərli vərdişlərin fəlakətli nəticələrə gətirib çıxardığını vurğulayıblar. Bu baxımdan belə maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti yüksək qiymətləndirilib. Həmçinin gənclərimizə idmanla məşğul olmağı, yaxşı oxumağı və vətənpərvərlik ruhunda böyümələri tövsiyə edilib.
Sonda müzakirələr aparılıb, şagirdlərin və müəllimlərin sualları ətraflı cavablandırılıb.
Veteranların iştirakı ilə belə silsilə tədbirlər Yasamal rayonundakı 225, Xətai rayonundakı 17 saylı tam orta məktəblərdə, Xəzər rayonundakı 322 saylı, Nərimanov rayonundakı Humanitar fənlər və “İstək” liseylərində də keçirilib.
Bu ilin birinci rübündə Bakı Şəhər Baş Polis İdarəsinin veteranlar şurasının iştirakı və təşkilatçılığı ilə 386 tədbir keçirilib. Veteranlar 244 cinayətin açılmasında iştirak ediblər.