İQTİSADİYYAT
Ağdam rayonunun sosial-iqtisadi inkişafı daha da sürətləndiriləcək
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda son illərdə Ağdam rayonunun işğal altında olmayan 91 min nəfərə qədər əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparıldığı bildirilir. Diqqətə çatdırılır ki, 6600-dən çox ailə üçün 17 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi, 11 klub icma mərkəzi inşa edilib, uzunluğu 260 kilometr olan elektrik, 117 kilometr olan içməli su xətləri, yeni yollar çəkilmiş, yaşayış məntəqələri qazlaşdırılıb. Rayon mərkəzinin yerləşdiyi Quzanlı qəsəbəsində, Mərkəzi rayon və uşaq xəstəxanaları, doğum evi, Təcili Tibbi Yardım Stansiyası, Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər tikilib.
Sərəncama əsasən, Quzanlı qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.