CƏMİYYƏT
Ağdaş rayonunda bir qrup şəxs arasında baş vermiş münaqişədə xəsarət alanlar olmuşdur
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki “Ləki” restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyasının vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş vermişdir. Bu zaman Ş.Həsənov pnevmatik tapançadan atəş açaraq E.Qasımova, E.Qasımov isə şüşə parçası ilə Ş.Həsənova xəsarət yetirmişdir.
Sonradan Ş.Həsənov və Ş.Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus “Herton” markalı avtomaşınla hadisə yerindən getmişlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılmış, Ş.Həsənov, Ş.Səmədov və P.Ağayev yaxalanmışlar.
Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi açılmışdır, ilkin yoxlama prokurorluq tərəfindən aparılır.