Ağdaşda seçicilərin yüksək fəallığı müşahidə olunur
Ağdaş, 11 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayon sakinləri aprelin 11-də səhər saatlarından başlayaraq seçki məntəqələrinə həvəslə gəlir, namizədlər arasında prezident görmək istədikləri şəxsə səs verirlər.
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəddin Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçki hüququ olan insanların sərbəst şəkildə məntəqələrə gedərək səs verməsi üçün yüksək şərait yaradılıb. DSK sədrinin sözlərinə görə, dairə üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 40 min 400 nəfərdir ki, onlardan 586-sı ilk dəfə səs verənlərdir. Ağdaşın 137 sakini səsvermədə iştirak etmək üçün qeydiyyatdan çıxma vəsiqəsi alıb. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Rayonda yaşı 100-dən yuxarı olan 6 nəfər seçici var. Nurəddin Babayev qeyd edib ki, saat 15:00-dək dairə üzrə 24 min 615 nəfər, yəni seçicilərin 60,93 faizi səsvermədə iştirak edib.
Hazırda Ağdaşda seçki prosesini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri - almaniyalı Broser Edqard Josef və norveçli Naus Gumhild Amett izləyir. Onlar günortayadək 6 seçki məntəqəsinə baş çəkib. Ağdaş şəhər 8 saylı tam orta məktəbin binasında yerləşən 7 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilər vətəndaşlar üçün lazımi şərait yaradılmasının şahidi olublar.
AZƏRTAC-ın bölgə müxbiri 90 saylı Ağdaş seçki dairəsinin 5 və 7 saylı seçki məntəqələrində səsvermə prosesini izləyib. 5 saylı seçki məntəqəsinin sədri Natella Çələbiyeva bildirib ki, ümumilikdə, 1337 seçici qeydiyyata alınıb. Onlardan 8 nəfəri ilk dəfə səs verən gənclərdir. Bütün seçicilərin adları məntəqədə quraşdırılan seçici lövhəsində öz əksini tapıb. Seçki məntəqəsində öz adını seçici siyahısında tapa bilməyən vətəndaşlara kömək edilir, onların seçkidə iştirakına şərait yaradılır. Yaşı 80-dən yuxarı olan 5 vətəndaş seçki məntəqəsinə gələ bilmədiyi üçün onların müraciəti əsasında yaşadıqları evə daşınan seçki qutusu göndərilib və səsvermə prosesində iştirakları təmin edilib. Məntəqədə səsvermə prosesini 13 yerli müşahidəçi izləyir. Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir.