İQTİSADİYYAT
Ağstafada “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda treninq keçirilmişdir
Bakı, 6 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda treninq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik bazası və s. barədə ətraflı məlumat verilmişdir. Həmçinin “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilmiş, iştirakçılara BBMT-nin hazırladığı tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Seminarda BBTM-nin Qazax nümayəndəliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak etmişdir.