CƏMİYYƏT
“Ahıska” qəzetində Edilli cinayətindən bəhs edilib
![“Ahıska” qəzetində Edilli cinayətindən bəhs edilib](/files/2022/3/1200x630/16656738223966212397_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Qazaxıstanda fəaliyyət göstərən “Ahıska” qəzetində Azərbaycan icmasının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı bəyanatı ingilis dilində yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən İsmayılovun (Məmmədoğlu) adından beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə Almatıda yaşayan azərbaycanlıların Edilli cinayətindən dəhşətə gəldiyi və hiddətləndiyi ifadə edilib.
Edilli faciəsini Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi qiymətləndirən baş redaktor BMT, Avropa İttifaqı və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatları müxtəlif vaxtlarda etnik zəmində xalqımıza qarşı törədilən insanlıq əleyhinə cinayətlərə görə qəsbkar ölkədəki cavabdeh şəxslərin hüquqi müstəvidə məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıb.