İDMAN
Ahmet Yılmaz: Belə yüksək səviyyəli təşkilatçılığı heç bir beynəlxalq yarışlarda görməmişəm
Bakı, 23 iyun, Məmməd İsayev, AZƏRTAC
Azərbaycanın birinci Avropa Oyunlarında təşkilatçılığı yüksək səviyyədədir. Daha əvvəl həm Avropa, həm də Türkiyədə bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Amma belə yüksək səviyyəli təşkilatçılığı heç yerdə görməmişəm. Çox böyük işlər görülüb. Heç bir çatışmazlıq yoxdur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin kişilərdən ibarət milli komandasının üzvü Ahmet Yılmaz deyib.
Daha əvvəl Azərbaycanda olmadığını və ölkəmizə ilk dəfə səfər etdiyini deyən türkiyəli basketbolçu vurğulayıb ki, Bakı haqqında əvvəllər başqalarından yaxşı sözlər eşitmişdim. Buna ölkənizə gəlincə öz gözlərimlə şahid oldum. Çox sürətlə inkişaf edən şəhər və ölkəniz vardır. Azərbaycan Avropada öz sözünü deyən nüfuzlu ölkəyə çevrilib. Hər kəsin bu qardaş ölkəni gəlib görməsi vacibdir.
A.Yılmaz bildirib ki, birinci Avropa Oyunlarını gördükdən sonra Azərbaycanın Yay Olimpiya Oyunlarına namizəd ölkə olacağı təqdirdə ona yüksək səviyyəli ev sahibliyi edə biləcəyini əminliklə deyə bilərəm. Çünki Azərbaycan bu Oyunlara yüksək səviyyədə hazırlaşıb. Bakı gözəl infrastrukturu olan ecazkar şəhərdir. Qaldığımız Atletlər Kəndində bizim üçün hər cür şərait yaradılıb.
Buna görə Azərbaycan dövlətinə və “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə minnətdarlığımı bildirirəm.